суббота, 22 февраля 2014 г.

Sağlamlıq və gözəlliyin təbii dərmanı




Mütəxəssislərin fikrincə, hər gün acqarına səhər tezdən bir xörək qaşığı zeytun yağı içilərsə, yaxud bir neçə ədəd zeytun yeyilərsə, orqanizmdə heç bir xəstəliyə rast gəlinməz, bədən sağlam və gümrah olar. Lakin etiraf edək ki, çoxumuz bu qaydaya əməl etməyə bir qədər tənbəllik edirik, sağlamlığımıza laqeyd yanaşırıq, yatağa düşəndə, başımız yastığa çatanda isə gec olur, çox gec...
Zeytunun sağlamlığımızın qorunması üçün çoxsaylı əhəmiyyətini nəzərə alıb qəzetimizin “Ailə” səhifəsində bu səpkidə yazılara həmişə üstünlük verməyə çalışıram. Çünki qida dəyəri olduqca yüksək olan zeytunun və yağının faydaları bitib-tükənməzdir. Xüsusilə, indiki zamanda  ürək-damar xəstəliklərinin daha çox yayıldığı bir dövrdə zeytun yağı tərkibindəki antioksidanlar sayəsində xəstəliklərin qarşısının alınmasında, eləcə də orqanizmin xərçəng xəstəliyindən qorunmasında müsbət rol oynayır.
Zeytun yağından təkcə salat və xörəklərdə deyil, təbabətdə də geniş istifadə olunur. Bu yağ ateresklerozun inkişafını ləngidərək, maddələr mübadiləsini sürətləndirir.
Zeytunun yarpaq və gövdəsinin 300 qramını 15 dəqiqə qaynadıb süzdükdən sonra şəkər əlavə etməklə 2 həftə fasiləsiz olaraq səhər-axşam isti halda içmək çox faydalıdır.
1 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı zeytun yağı qəbul etməklə xolesterolun düşməsində son dərəcə müsbət nəticə əldə etmək mümkündür. Bədəni zeytun yağı ilə masaj etdikdə qan dövranı sürətlənir və toxumalara oksigenin daşınması asanlaşır.
Zeytun yağının bir üstünlüyü də ondadır ki, digər yağlarla müqayisədə nəinki tez həzm olunur, həm də qanda xolesterolun səviyyəsini tənzimləyir, qızartma işlərində də əvəzsizdir. Bu baxımdan mütəxəssislər xörəklərdə daha çox zeytun yağından istifadə etməyi məsləhət görürlər. Zeytunun yarpağı da təzyiqin aşağı düşməsində mükəmməl vasitədir.
Zeytun yağı - Uşaqların beyin inkişafını, sümüklərinin güclənməsini sürətləndirir; E, A, D, K vitaminləri ilə zəngin olduğundan hüceyrələrin yenilənməsinə kömək edir, yaşlanmanın qarşısını alır; dərini qidalandırır, saç tökülməsinə qarşı təsirli vasitə hesab olunur; 4-5 aylıq körpələr üçün (bir neçə damcı yağsız inək südü ilə qarışdırmaqla) təbii qida sayılır; orqanizmi ürək-damar xəstəliklərindən qoruyaraq, infarktolma ehtimalını azaldır; bağırsaq, sidik yolları, öd kisəsindəki daşların əmələ gəlməsinin qarşısının alınmasında, qastritin, aradan qaldırılmasında daha təsirlidir; yaşlı insanlarda kalsium itkisini, sümük əriməsini minimuma endirir; dəri və saçlara parlaqlıq verir, quru dərini canlandırır, yumşaldır, qırışları azalaraq, elastik, hamar görünüş qazandırır; yorğunluğu aradan qaldırır; dırnaqları gücləndirir; qanda xolesterolun miqdarını tənzimləyərək damar tutulmasının qarşısını alır, şəkərin səviyyəsinin düşməsinə kömək edir; tərkibindəki “Oleiprine” adlı maddənin olması səbəbilə hüceyrələri xərçəng xəstəliyindən qoruyur, mədə turşuluğunu azaldır; bədəni soyuqdan mühafizə edir (zeytun yağı ağcaqanad dişləməsinə qarşı təsirlidir); sarılıq və qaraciyər sancılarını azaldır; revmatizma, burxulma və əzələ zədələnmələrində zeytun yağı çəkmək müsbət nəticə verir.
Zeytun ümumiyyətlə, yaşından asılı olmayaraq bütün insanlar üçün, xüsusilə, uşaqlarda sümüklərin inkişafında, eləcə də güclənməsində faydalıdır.
Qeyd edək ki, 1 ədəd zeytunda 14% yağ, 8,5 % karbohidrat var.
Zeytun tərkibli sabunlar təbii, saf təmizləyicidir, nəmləndirici xassəyə malikdir, eyni zamanda yumşaldıcı və rahatlaşdırıcı təsir göstərir. 
Gözəllik incisi
Təbiətin gözəllik incisi sayılan zeytundan yararlanmaqla həm sağlam, həm də gözəl görünmək olar. Elə aşağıda verdiyimiz reseptlərə də bu məqsədlə diqqətinizi yönəltmək istəyirik:
* 1 ədəd yumurtanın sarısının zeytun yağı ilə qarışığını saçınızın diblərinə çəkin və 1 saatdan sonra yuyun. Bu prosesi hərdənbir təkrarlasanız, saçınız möhkəmlənər və tökülməz.
* 1 qaşıq zeytun yağı ilə 1 ədəd yumurtanın qarışığını üzünüzə çəkin və 20 dəqiqədən sonra yuyun. Dərinizin daha parlaq və qırışsız olduğunu görəcəksiniz.
* 1 qaşıq zeytun yağı ilə sürtgəcdən keçirilmiş kökü qarışdırıb üzünüzə çəkin, 10 dəqiqədən sonra yuyun. Dəriniz parlaqlaşacaq. Dəriniz parlaq və təravətli olacaq. Dərinin möhkəmlənməsi və nəmlənməsi üçün zeytun yağı və 1 ədəd limonun 1/4-ni qarışdırıb üzünüzə tətbiq edə bilərsiniz.