Sağlamlıq və Gözəllik


Dərinin qocalmasına qarşı olan maskalar

    1 yumurta sarısını 1 çay qaşığı çaytikanı yağı ilə qarışdırdıqdan sonra üzərinə 1 neçə damcı limon şirəsi və bir qədər təzə dəmlənmiş yaşıl çay əlavə edilir. Bir daha qarışdırdıqdan sonra alınan maskanı üzə çəkin və 20 dəqiqə saxlayın.

   - Əzilmiş şəkildə olan 1 xörək qaşığı bananı 1 yumurta sarısı, 1 çay qaşığı xama və ½ çay qaşığı bal ilə qarışdıraraq üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın. (Kapilyar torları olan dərilərdə maskanın tərkibində baldan istifadə edilməsi məsləhət görülmür.)
   - Mavi gili, xama, limon şirəsi və balı bərabər nisbətdə olmaqla qarışdırın, üzə çəkin və 15-20 dəqiqə saxlayın.
   - 2 çay qaşığı yağlı qidalandırıcı kremə 20 damcı vitamin A, 10 damcı vitamin E və 10 damcı vitamin D əlavə edərək qarışdırın. Alınan tərkibi dairəvi hərəkətlərlə üz dərinizə çəkin və 10 dəqiqə saxlayın.
  - 1 yerkökünü kiçik dəlikli sürtgəcdən keçirin, üzərinə 1 çay qaşığı bal əlavə edin və üzünüzə çəkib 20 dəqiqə saxlayın.
   - Bir lay pampığı kələm suyu ilə isladaraq üzünüzə qoyun və 10-15 dəqiqə saxlayın.
   - 1 ədəd kartofu suda bişirdikdən sonra əzərək üzərinə 1 çay qaşığı xama, 1 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edərək qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
   - Üzüm gilələrini blenderdə və ya əl ilə yaxşı əzin, 1 çay qaşığı düyü unu əlavə edin və yaxşı qarışdırın. Sonra maskanı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
   - Qreypfrutun ətli hissəsini yaxşı əzın, 1 çay qaşığı xama, 1 çay qaşığı yerkökü şirəsi və 1 xörək qaşığı düyü unu ilə qarışdırın. Qarışığı üzünüzə, boynunuza və sinənizə çəkin və 30 dəqiqə saxlayın.
  - 2 ədəd əriyi əzdikdən sonra üzərinə 1 çay qaşığı xama əlavə edin. Alınan qarışığı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
  - 1 xörək qaşığı cücərdilmiş buğda dənələrini üyütdükdən sonra üzərinə bir qədər qaynanmış isti su əlavə edin və üstünü qapaqla örtərək 10 dəqiqə saxlayın. Sonra üzərinə 1 xörək qaşığı yağlı qaymaq əlavə edərək qarışdırın və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
  - Aloye bitkisinin yarpaqlarını yaxşı əzın, ½ çay qaşığı badam yağı əlavə edin və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
   - 2 xörək qaşığı qırmızı lobyanı əzilənə qədər az miqdarda suda kip örtülmüş qabda bişirin. Sonra onu suyu süzməmək şərti ilə blenderdə əzin. Daha sonra ona ½ çay qaşığı ərik yağı əlavə edib yaxşı qarışdırın. Alınan maskanı üzünüzə, boynunuza və sinənizə çəkin və 20 dəqiqə saxlayın.
   - 2 xörək qaşığı qurudulmuş dəniz yosunlarını (apteklərdə satılır) bir qədər ilıq suda isladın. 
Yumşaltdıqdan sonra ½ çay qaşığı ərik yağı əlavə edin və göz və dodaq hissələri üçün dəlikləri açılmış tənzifə çəkib üzünüzə qoyun. 20 dəqiqədən sonra maskanı götürün.



QADINLARIMIZA MESLEHET


1. Dərindən təmizləmə və quru dərinin qidalanması üçün suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın

2.  Pəhriz zamanı qəbizliyə son. Pəhriz zamanı qəbizlik yaranır və bu da üzdə çoxlu civzə əmələ gəlməsinə səbəb olur. Bu problemi kələm yeməklə həll etmək olar.
3.  Piqment ləkələr və qırmızı səpkilər əleyhinə. Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəqiqə üzə qoymaqla istənilən nəticəni alacaqsınız.
4.  Sallaq, quru və qırışmış dəri üçün 3-4 qat tənzifi təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəqiqə maska edin. Tənzifi üzdən çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz.
5.  Yağlı dərini qurudaq. Turşu kələmi püre halına gətirib, qalın qatla üzə çəkib üzərinə kağız salfet qoyub 30 dəqiqə gözlədikdən sonra üzü nəm pambıqla silib, krem çəkin. Nəticədə üz yumşaq və elastik olacaq. Bu maskanı həftədə 1 dəfə təkrarlamaq lazımdır.
6.  Saçları tez uzadaq. Başın dibinə kələm, ispanaq və limon şirələrindən ibarət qarışıq çəkib barmaq ucları ilə masaj etməklə, saçların uzanmasını tezləşdirmək olar.


Sizdə 100 il yaşamaq istəyirsiniz?


Hər kəs 100 il yaşamasa günah onun maşınla gəzməsindədir.

Müasir zamanda insan sağlamlığı üçün ən böyük təhlükə yaradan amillərdən biri oturaq həyat tərzidir. 

Təəssüflər olsun ki, indi bir çox insanlar ən qısa bir məsafəni belə şəxsi avtomobilləri, yaxud da ictimai nəqliyyat vasitələri ilə qət etməyi daha üstün tuturlar. Ancaq bu fikirdə olan insanlar piyada gəzməyin insan sağlamlığı üçün faydalarını biləndən sonra yəqin ki, fikirlərindən az da olsa, daşınacalar. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayan insanlar üçün piyada gəzmək daha vacibdir.

Bədənin normal formada qalmasını istəyənlər daha çox piyada gəzməlidirlər. Sürətli və templi gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir.

Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur.

Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün gəzinti ən yaxşı vasitədir.

Gündəlik gəzinti insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir.

Piyada gəzmək tənəffüs yolları üçün xüsusilə xeyirlidir.

Həzm sisteminin fəaliyyətinin yaxşılaşmasında da piyada gəzməyin faydası çoxdur.

Piyada gəzməyin görmə qabiliyyətinə də müsbət təsiri var.

Piyada gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır ki, bu da xəstəliklərə qarşı mübarizədə ən effektli vasitələrdən biridir.

Sağlam və dərin yuxu arzulayanlar axşam gəzintisinə vaxt ayırsalar, istəklərinə nail ola bilərlər.

Sağlamlığınız üçün sürətli gəzintiyə üstünlük verməlisiniz.

Yaradıcı insanlar üçün piyada gəzməyin özəl faydası var. Çünki gəzinti zamanı insan daha dərindən düşünə bilir.

Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizminizdə baş verən müsbət dəyişikliklərin şahidi olacaqsınız. Sağlam və gözəl olmaq üçün gəzintiyə vaxt ayırın, bir həqiqəti dərk edin ki, 100 yaşına gedən yollar maşın üçün nəzərdə tutulmayıb.


Sağlamlığın və gözəlliyin təbii dərmanı





Mütəxəssislərin fikrincə, hər gün acqarına səhər tezdən bir xörək qaşığı zeytun yağı içilərsə, yaxud bir neçə ədəd zeytun yeyilərsə, orqanizmdə heç bir xəstəliyə rast gəlinməz, bədən sağlam və gümrah olar. Lakin etiraf edək ki, çoxumuz bu qaydaya əməl etməyə bir qədər tənbəllik edirik, sağlamlığımıza laqeyd yanaşırıq, yatağa düşəndə, başımız yastığa çatanda isə gec olur, çox gec...
 
Zeytunun sağlamlığımızın qorunması üçün çoxsaylı əhəmiyyətini nəzərə alıb qəzetimizin “Ailə” səhifəsində bu səpkidə yazılara həmişə üstünlük verməyə çalışıram. Çünki qida dəyəri olduqca yüksək olan zeytunun və yağının faydaları bitib-tükənməzdir. Xüsusilə, indiki zamanda - ürək-damar xəstəliklərinin daha çox yayıldığı bir dövrdə zeytun yağı tərkibindəki antioksidanlar sayəsində xəstəliklərin qarşısının alınmasında, eləcə də orqanizmin xərçəng xəstəliyindən qorunmasında müsbət rol oynayır.
 
Zeytun yağından təkcə salat və xörəklərdə deyil, təbabətdə də geniş istifadə olunur. Bu yağ ateresklerozun inkişafını ləngidərək, maddələr mübadiləsini sürətləndirir.
 
Zeytunun yarpaq və gövdəsinin 300 qramını 15 dəqiqə qaynadıb süzdükdən sonra şəkər əlavə etməklə 2 həftə fasiləsiz olaraq səhər-axşam isti halda içmək çox faydalıdır.
 
1 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı zeytun yağı qəbul etməklə xolesterolun düşməsində son dərəcə müsbət nəticə əldə etmək mümkündür. Bədəni zeytun yağı ilə masaj etdikdə qan dövranı sürətlənir və toxumalara oksigenin daşınması asanlaşır.
 
Zeytun yağının bir üstünlüyü də ondadır ki, digər yağlarla müqayisədə nəinki tez həzm olunur, həm də qanda xolesterolun səviyyəsini tənzimləyir, qızartma işlərində də əvəzsizdir. Bu baxımdan mütəxəssislər xörəklərdə daha çox zeytun yağından istifadə etməyi məsləhət görürlər. Zeytunun yarpağı da təzyiqin aşağı düşməsində mükəmməl vasitədir.
 
Zeytun yağı - Uşaqların beyin inkişafını, sümüklərinin güclənməsini sürətləndirir; E, A, D, K vitaminləri ilə zəngin olduğundan hüceyrələrin yenilənməsinə kömək edir, yaşlanmanın qarşısını alır; dərini qidalandırır, saç tökülməsinə qarşı təsirli vasitə hesab olunur; 4-5 aylıq körpələr üçün (bir neçə damcı yağsız inək südü ilə qarışdırmaqla) təbii qida sayılır; orqanizmi ürək-damar xəstəliklərindən qoruyaraq, infarktolma ehtimalını azaldır; bağırsaq, sidik yolları, öd kisəsindəki daşların əmələ gəlməsinin qarşısının alınmasında, qastritin, aradan qaldırılmasında daha təsirlidir; yaşlı insanlarda kalsium itkisini, sümük əriməsini minimuma endirir; dəri və saçlara parlaqlıq verir, quru dərini canlandırır, yumşaldır, qırışları azalaraq, elastik, hamar görünüş qazandırır; yorğunluğu aradan qaldırır; dırnaqları gücləndirir; qanda xolesterolun miqdarını tənzimləyərək damar tutulmasının qarşısını alır, şəkərin səviyyəsinin düşməsinə kömək edir; tərkibindəki “Oleiprine” adlı maddənin olması səbəbilə hüceyrələri xərçəng xəstəliyindən qoruyur, mədə turşuluğunu azaldır; bədəni soyuqdan mühafizə edir (zeytun yağı ağcaqanad dişləməsinə qarşı təsirlidir); sarılıq və qaraciyər sancılarını azaldır; revmatizma, burxulma və əzələ zədələnmələrində zeytun yağı çəkmək müsbət nəticə verir.
 
Zeytun ümumiyyətlə, yaşından asılı olmayaraq bütün insanlar üçün, xüsusilə, uşaqlarda sümüklərin inkişafında, eləcə də güclənməsində faydalıdır.
 
Qeyd edək ki, 1 ədəd zeytunda 14% yağ, 8,5 % karbohidrat var.
 
Zeytun tərkibli sabunlar təbii, saf təmizləyicidir, nəmləndirici xassəyə malikdir, eyni zamanda yumşaldıcı və rahatlaşdırıcı təsir göstərir. 
 
Gözəllik incisi
 
Təbiətin gözəllik incisi sayılan zeytundan yararlanmaqla həm sağlam, həm də gözəl görünmək olar. Elə aşağıda verdiyimiz reseptlərə də bu məqsədlə diqqətinizi yönəltmək istəyirik:
 
* 1 ədəd yumurtanın sarısının zeytun yağı ilə qarışığını saçınızın diblərinə çəkin və 1 saatdan sonra yuyun. Bu prosesi hərdənbir təkrarlasanız, saçınız möhkəmlənər və tökülməz.
 
* 1 qaşıq zeytun yağı ilə 1 ədəd yumurtanın qarışığını üzünüzə çəkin və 20 dəqiqədən sonra yuyun. Dərinizin daha parlaq və qırışsız olduğunu görəcəksiniz.
 
* 1 qaşıq zeytun yağı ilə sürtgəcdən keçirilmiş kökü qarışdırıb üzünüzə çəkin, 10 dəqiqədən sonra yuyun. Dəriniz parlaqlaşacaq. Dəriniz parlaq və təravətli olacaq. Dərinin möhkəmlənməsi və nəmlənməsi üçün zeytun yağı və 1 ədəd limonun 1/4-ni qarışdırıb üzünüzə tətbiq edə bilərsiniz.