Lənkəranım


Lənkərana xoş gəlmişsiniz!
Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı «Cənub mirvarisi, qızıl Lənkəran» adlandırırlar. Yamyaşıl meşələr, baş-başa vermiş dağlar, mavi Xəzər təbiətin Lənkərana bəxşişidir. Seyrindən doymadığımız Hirkan Milli Parki və Qızılağac qoruğu, qədim Hirkan meşələri, buz bulaqlar, İstisu qaynağı onun inciləridir. Bir sözlə, burada hər şey bolluqdan, gözəllikdən soraq verir. Təbiətin bu ecazkar guşələri həm qədimliyi, həm də gözəlliyi ilə hamını heyran edir. Son aylarda yolu Lənkərana düşən isə özgə bir mənzərə ilə qarşılaşır. Bu dilbər güşə  lənkəranlıların zəhməti ilə daha da abadlaşir, gözəlləşir. Bu gözəllikləri isə ancaq görmək, duymaq, yaşamaq lazımdır. Sizi Lənkəranla daha yaxından tanış olmağa dəvət edirik!
 Ümumi məlumat
Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 1539 km2-dir. Onun 91291 hektarı quru sahə təşkil edir. Rayonda 2 şəhər, 7 qəsəbə və 84 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir.
Coğrafi mövqeyi
Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24’-39o24’ şimal 47o58’ şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
İqlim
Lənkəranın iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Günəş radiasiyasının 125-134 kkal/sm2 çatır. Havanın orta illik hərarəti 140-S-dir. Yanvar (3,40) ən soyuq ay, iyul (25,10-S) ən isti aydır. Yağıntının illik miqdarı 1400-1600 mm-dir. Rütubətli subtropik şəraiti ilə ərazisində sarı torpaqlar geniş yayılmışdır. Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gətirilən su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır.