Elm-Təhsil


Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması zərurəti və müasir elmi texnologiyaların mənimsənilməsi ilə bağlı məsələlər təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasını, məzmunca müasirləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 21 avqust tarixli Sərəncamının icrası ilə bağlı araşdırmalar, orta məktəb şagirdlərinin müxtəlif beynəlxalq fənn olimpiadalarında və ali məktəblərə qəbul imtahanları zamanı nümayiş etdirdikləri bilik səviyyəsi göstərir ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində günün tələblərinə cavab verən innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün kifayət qədər müasir təhsil mühiti formalaşmışdır.
Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
1. Müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq, hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 (əlli) ən yaxşı ümumtəhsil məktəbinin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10000 (on min) manat və 100 (yüz) ən yaxşı müəllimin hər birinə 5000 (beş min) manat məbləğində birdəfəlik mükafat təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bir ay müddətində “ən yaxşı ümumtəhsil məktəbi” və “ən yaxşı müəllim” innovativ təhsil proqramları üzrə müsabiqələrin keçirilməsi və ümumtəhsil məktəblərinə ayrılmış vəsaitlərin istifadə edilməsi istiqamətləri barədə qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mukafatlarının təsis edilməsi haqqında» 4 sentyabr 2007-ci il tarixli, 2372 nömrəli sərəncamına uyğun olaraq keçirilən ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqələri ümumilikdə orta ümumtəhsil sisteminin inkişafına təkan verir, tədris ocaqlarının və müəllimlərin fəaliyyətinə əlavə stimul yaradır. 2007-2008-ci dərs ilində ilk dəfə keçirilən həmin müsabiqələrin şəffaf və obyektiv əsaslarla təşkili, ən layiqli namizədlərin mükafatlandırılması ölkə ictimaiyyəti, xüsusilə də təhsil orqanları və pedaqoji kollektivlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu müsabiqələr ümumtəhsil məktəbləri və müəllimlər arasında inkişafyönümlü sağlam rəqabəti gücləndirməklə barabər, eyni zamanda novator fəaliyyətə və təşəbbüskarlığa geniş meydan açır, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində hərəkətverici qüvvəyə çevirilir.
“Qaydalar” da təsbit edilən şərtlər əsas tutulmaqla müsabiqədə iştirak üçün sənədləri qəbul olunan məktəbərin göstəricilərinin hər biri müvafiq əmsallar tətbiq ediməklə 17 parametr üzrə qiymətləndirilir və hər məktəbin birinci mərhələ üçün yekun balı müəyyənləşdirilir.
Ekspertizanın nəticələrinə görə müsabiqənin ikinci mərhələsinə buraxılan məktəblərin IX sinif şagirdləri Təşkilat Komitəsinin müəyyən etdiyi ana dili və riyaziyyat, XI sinif şagirdləri isə bu fənlərlə yanaşı, fizika, kmya, biologiya, coğrafiya, Azərbaycan tarixi, xarici dil fənləri üzrə test yoxlamasından keçirilir və nəticələrə əsasən həmin məktəblərdə təlim keyfiyyətinin səviyyəsi öyrənilir. Qiymətləndirmə Təşkilat Komitəsinin müəyyən etdiyi prosedura uyğun aparılır.
Mövcud qaydalara uyğun olaraq müsabiqənin üçüncü mərhələsində Təşkilat Komitəsinin üzvləri tərəfindən iştirakçı məktəblərin direktorlarının 10 dəqiqəlik təqdimatı dinlənilir. Təqdimatları Təşkilat Komitəsinin hər bir üzvü 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndirir, sonra həmin ballar əsasında hər iştirakçı üçün yekun bal müəyyənləşdirilir.
Müsabiqənin yekununda hər üç mərhələdə qazanılan ballar cəmlənərək ümumi nəticəyə görə daha çox bal toplamış 50 məktəb müəyyən edilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər dərs ili üzrə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri müvafiq mükafatlara layiq görülürlə
04.09.2015

“Elektron Təhsil” Respublika müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 sentyabr 2015-ci il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir.
Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır. 
Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcəkdir:
Müəllim istiqaməti üzrə:
• Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;
• Təhsildə ən yaxşı İnternet texnologiyaları;
• Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs;
• Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd.
 Şagird istiqaməti üzrə:
• “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə
etməklə yaradılan ən maraqlı fiqur;
• Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.
   Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan” “Nar Mobile” şirkətləri və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq



Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə
təsdiq edilmişdir

1.Ümumi müddəalar

1.1.Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamına, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli Sərəncamına uyğun hazırlanmışdır.
1.2.Bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir.
1.3.Diaqnostik qiymətləndirilmənin aparılması nəzərdə tutulan şəhər və rayonların siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.Diaqnostik qiymətləndirilmənin məqsədi

2.1.müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması.
2.2.bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.
2.3.nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.

3.Diaqnostik qiymətləndirilməyə cəlb olunan müəllimlər

3.1.Diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur:
3.1.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
3.1.2.Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər.
3.2.İki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.

4.Diaqnostik qiymətləndirilmənin keçirilməsi forması

4.1.Diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir.
4.2.Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.
4.3.Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
4.4.Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.

5.Diaqnostik qiymətləndirilmənin yekunları

5.1.Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
5.2.Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.
5.3.Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
5.4.Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamının həmin müəllimlərə şamil edilməsi aidiyyəti şəhər və rayonda qiymətləndirilmə keçirildikdən sonra həyata keçirilir. Həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.

6.Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin hüquqları

6.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər.
6.2.Müəllimlər diaqnostik qiymətləndirilmə imtahanının yeri və vaxtı, həmçinin imtahan proqramı barədə əvvəlcədən məlumatlandırılmalıdırlar.
6.3.Diaqnostik qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Bunun üçün www.dq.edu.az saytına daxil olaraq elektron formada müraciət edilməlidir.
6.4.Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.

7.Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin vəzifələri

7.1.Müəllimlər imtahan keçiriləcək məkana nəzərdə tutulmuş vaxtda gəlməli, imtahan qaydaları ilə tanış olmalı və həmin qaydalara riayət etməlidirlər.
7.2.Yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək müəllimlər haqqında məlumatlarınwww.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirilmənin məqsədinin müəllimlərə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar.
7.3.Yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar.




Azərbaycanda dərs ili ilə bağlı ŞOK qərar!


Məlum olduğu kimi artıq 2004-cü ildən etibarən sentyabrın 15-i Azəbaycanda prezident tərəfindən Bilik günü elan edilib. Hər il məhz bu gün ölkə üzrə 4500-dən çox məktəbdə ilk zəng çalınır. Bu məktəblərdə ümumilikdə 1,3 mln. şagird təhsil alır. Bu şagirdlərin 130 mindən çoxu isə birincilər olur.



2004-cü ildən 15 sentyabrda başlayan dərs ili təhsil naziri Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldıqdan və Mikayıl Cabbarov bu posta təyin edildikdən sonra yeni müzakirələrə səbəb oldu. Mütəxəssislər dərs ilinin 15 gün gec başlamasının şagirdlərə ağır yük olduğunu bildirirlər. Qeyd olunur ki, həmin 15 günlük gecikmə gündəlik dərslərə əlavə olunur ki, bu da qavramada çətinlik yaradır.
Görünür məhz bu cür açıqlamalar Təhsil Nazirliyini dərs ilinin başlanması gününə yenidən baxmağa sövq edib. FaktXəbər-in məlumatına görə, artıq bütün təhsil müəssisələrinə şifahi şəkildə bildirilib ki, yeni dərs ilinin 1 sentyabrdan başlanmasına hazırlıq görsünlər. Yəni işlərini məhz bu cür planlaşdırsınlar. Bununla bağlı rəsmi qərar isə orta məktəb imtahanlarından sonra veriləcək. Bu qərardan sonra isə artıq dərs ilə 1 sentyabrda başlayacaq və növbəti ilin 25 mayında başa çatacaq.