Mədəniyyət

                                                                   
                                                                     

 Münəvvər Səməd qızı Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Azərbaycan SSR xalq artisti, SSRİ dövlət mükafatı laureatı olan sevimli aktirisamız 10-a yaxın filimə çəkilib.Yaddaşımızda həmişə filmlərdə gördüyümüz kimidir: gülüşündən, danışığından həyat eşqi yağan.On yeddi-on səkkiz yaşlı Münəvvər Kələntərli üçün yenicə gəldiyi şəhərdə ən doğma yer Opera Teatrı olur. Çünki qardaşı Haşım da, çox sevdiyi əslən şamaxılı Yavər Kələntərli də, orada oxuyurdular.
 Yavər Kələntərlinin köməkliyi ilə Münəvvər 
Kələntərlinin səsini yoxlayan sənətkarlar onun sənət aləminə gəlişinə xeyir-dua verirlər.Doğrudur, o dövrdə səhnəyə çıxmaq gənc qızlar, gəlinlər üçün çox çətin idi. Amma Münəvvər Kələntərlinin bu barədə bəxti gətirir. Onun doğulub-böyüdüyü ailədə hamı musiqi, sənət vurğunuydu. Evdəkilərdən heç bir maneə görmədən səhnəyə çıxan Münəvvər Kələntərli oxumağa başlayır. Tezliklə radio dalğalarından diktorun səsi gəlir: «Konsertimizə başlayırıq. Oxuyurlar Haşım və Münəvvər Kələntərlilər». Bacı-qardaşın ifa etdiyi xalq mahnıları, muğamlar dinləyiciləri heyran qoyur. Çox keçmir, Münəvvər Kələntərlinin başqa xəyalı da gerçəkləşir. Onu Opera Teatrına işləməyə dəvət edirlər. Bakıda Münəvvər Kələntərliyə Üzeyir Hacıbəyov küçəsində ikiotaqlı mənzil verirlər. Münəvvər Kələntərli xasiyyətcə çox şəniydi. Ortaboylu, dolubədənli, yarlı-yaraşıqlı, xanım-xatın ədalı, gözəlsəsli Münəvvər Kələntərlinin əsl yeri Musiqili Komediya Teatrıydı. Bu, sənətkarların da diqqətindən yayınmır.

 Münəvvər Kələntərlini həmin teatra çağırırlar. Ona müxtəlif xarakterli komik rollar həvalə edilir. Roldan-rola necə dəyişdiyi, başqalaşdığı hamını heyrətə gətirirdi. «Hacı Kərimin Aya səyahəti»ndə Kəblə Fatma, «O olmasın, bu olsun»da Sənəm, «Gözün aydın»da Gövhər, «Qızılaxtaranlar»da Xədicə, «Ulduz»da Tamam və daha neçə-neçə rolları ustalıqla yaradırdı. Səhnədəki hər görkəmiylə doğma, baxımlı, maraqlıydı. Sanki oynadığı bütün obrazlar, necə deyərlər, boyuna biçilmişdi. «Hacı Kərimin Aya səyahəti»ndə aktrisa Nəsibə Zeynalovayla dublyor idilər. Münəvvər Kələntərli Lütfəli Abdullayevin, Nəsibə xanım isə Bəşir Səfəroğlunun tərəf-müqabili kimi çıxardı səhnəyə. Ailə qurandan 25 yaşı olub. Sevib-seçdiyi Ənvər Qusarlıydı. 1938-ci ildə qızları dünyaya gəlir. Münəvvər Kələntərli ilə Ənvər bir-birlərini çox istəsələr də, evlilik həyatları uzun sürmür. Ayrılmalarının səbəbi Münəvvər Kələntərlinin sənətinə bağlılığıydı. Ənvər Qusarda yaşayırdı. Orada baytar işləyirdi. Münəvvər Kələntərlini dilə tutur ki, mənimlə gedək. Ancaq o, razılıq vermir:
— Bəs mənim sənətim necə olsun? 
— Rayonda hamı tanıyır məni, adım-sanım, hörmətim var. Həyatımız çox rahat, firavan keçəcək. 
— Qusarda yaşayan idimsə, elə Lənkəranda qalardım.Hər gün səhər Bakıya işə gəlib, axşam Qusara gedə bilmərəm axı. Orada yaşasam, hökmən sənətimdən əl çəkməliyəm. Bunu edə bilmərəm. Validə balacaykən ayrılırlar. Münəvvər Kələntərli ondan sonra ailə qurmadı. Elə Ənvər də axıradək unuda bilmədi Münəvvər Kələntərlini.Baxmayaraq ki Münəvvər Kələntərli dövrünün tanınmış, həddindən artıq sevilən aktrisalarındanıydı, amma bugünkü nəslin yaddaşında onu daha canlı şəkildə yaşadan kinofilmlərdə oynadığı obrazlardır. Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun «Arşın mal alan» filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. O vaxt Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı. «Arşın mal alan» filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. «Arşın mal alan» filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRİ Dövlət Mükafatına layiq görüldü. Münəvvər Kələntərli sənətə gəldiyi gündən, ta sonadək bəxti üzünə güldü. Çox xoşbəxt sənətkar oldu. İstedadını bütün çalarlarıyla göstərməyə fürsət tapdı. Həm dramatik, həm komik aktrisa kimi sözünü dedi. İlahi səsi xalq mahnılarına, muğamlara yeni rəng qatdı. Ancaq həyat ona səadət payını ancaq sənətində verdi. Qadın xoşbəxtliyi olmadı. Gənc yaşında sevdi, sevildi. Ürəyincə olan evlilik qurdu. Həyat yoldaşıyla bir-birlərini başa düşürdülər. Tək bir məsələdə anlaşa bilmədilər. Ənvər Bakıya gəlmədi, Münəvvər Kələntərli də Qusara getmədi. İstəməyə-istəməyə sevdiyi insandan, yeganə qızının atasından ayrıldı. Sonunda bircə balası da onun yoluyla getdi. O da xoşbəxt olmadı. Amma sevgisini bol-bol verən teatr, kino sənəti Münəvvər Kələntərliyə həmişə vəfalıdır.

Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə heyran qalırlar.Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişdi. Doğulduğu Lənkəran şəhərində, ata-baba ocağı olan küçə, hal-hazırda onların soyadı ilə səslənir — Kələntərli küçəsi