суббота, 15 февраля 2014 г.

Uşaqlıq sevincindən məhrum edilənlər

  Beynəlxalq standartlara görə, 18 yaşına çatmamış yeniyetmələrin nigah bağlamaları  qeyri-qanuni hesab edilir.
Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq (“16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə girmək və digər seksual xarakterli davranış”) həddibuluğa çatmış şəxsin azyaşlı ilə seksual xarakterli davranışa görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Aaydın şəkildə göstərilib ki, azyaşlılarla cinsi əlaqəyə girmək Qanunla cəzalandırılır. Ölkədə nigaha girmə yaşı 18 hesab edilir, yəni buna bənzər halları nigahla ört-basdır etmək olmaz. Buna baxmayaraq statistik göstəricilər 2013-cü ildə Azərbaycanda 5 000-dən artıq qızın erkən nikahın qurbanı olduğu faktı mövcuddur. Ən acınacaqlı vəziyyət isə Cəlilabad, Lənkəran, Qax və Qusar rayonlarındadır. 
Qızlar üçün nigah yaşının 18-ə çatdırılması belə problemin həllinə yol açmadı – halbuki bu qərara Sosial Siyasət üzrə Parlament Komitəsi böyük ümid bəsləyirdi. 
Bütün bəşəriyyətin gələcəyə doğru addımladığı halda, bizim cəmiyyətin belə inadla orta əsrə qayıtma istəyi qəribə görünür. 
Biz məşhur mütəfəkkirlərin, yazıçıların, şairlərin vətənində yaşayırıq. Bu insanlar daima cahillik, geridə qalmışılıqla mübarizə aparıblar, bizim ölkədə Şərqin ilk qızlar gimnaziyası açılıb. İndi isə illər keçdikcə erkən və qohum nikahların sayı artır. Yəqin ki, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani və digər mütəfəkkirlər bizim problemlərimizin aradan qalxmadığını, hətta məğzinin belə dəyişmədiyini görüb dəhşətə gələrdilər.
Erkən nigahların tərəfdaşları nəyi rəhbər tutublar?
Bir çox valideynlər öz azyaşlı qızlarını ərə verərkən bunun şəriətdə - İslama görə heç də qınanmalı bir  hərəkət olmadığını vurğulayırlar. Bu insanların ərəblər üçün 7-ci əsrdə normal olan anlayışları, azərbaycanlılar üçün XXI əsrdə heç də uyğun deyil. Düzünü desək heç kəsə uyğun deyil. Sivil ölkələrdə bu adət-ənənədən uzaqlaşıblar. Zaman keçir, şərtlər dəyişir, artıq insanların orta yaş həddi 35-40 olub, epidemiyalardan minlərlə insanın öldüyü və 25 yaşlı insanın artıq cavan sayılmadığı dövr keçmişdə qalıb. 
Belə təcrübənin nə qədər acınacaqlı nəticələr verdiyi barədə dəfələrlə danışılıb. Erkən yaşda evləndirilmiş qız nikaha nə fiziki, nə də mənən hazır deyil, bu səbəbdən də ərindən və onun ailəsindən asılı vəziyyətə düşür. O, təhsilini davam etdirə bilmədiyi üçün, gələcəkdə iş tapa bilməyəcəyi aydın məsələdir, demək ki, nə özünü, nə də uşaqlarını təmin edə bilməyəcək. Belə nikahın rəsmi qeydə alınmaması vəziyyəti daha da ağırlaşdırır, demək ki, gənc xanım heç bir hüquqi və ya mülki iddia qaldıra bilməz. Hətta tibbi baxımdan belə nikahlar yol verilməzdir, çünki qızların orqanizmi hələ ana olmağa hazır deyil, belə xanımların doğuş zamanı bədbəxt hadisələrlə üzləşməsi istisna deyil. Həmçinin həddən artıq gənc analar tərəfindən dünyaya gətirilən uşaqlar da müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. 
Qohumlar arasında azyaşlı qızlarla bağlanan nikahlar başqa bir mövzudur. Bizim zamanda belə nikahların nəticələri haqqında məlumatın olmaması ayıbdır, çünki bu gələcək nəsli sağalmaz genetik xəstəliklərə düçar edən dəhşətli məsuliyyətsizlikdir. Belə nikahlar bizim regionlarda adətən adi hal sayılır və hətta öz var dövlətinin yad əllərə keçməməsi üçün bir növ müdafiə sistemidir. Statistika isə göstərir ki, belə nikahlardan dünyaya gələn uşaqların 70%-i ya müxtəlif ölkənin genofonduna ziyan vuran xəstəliklərdən əziyyət çəkir, ya da inkişafdan geri qalırlar. Nahaq yerə bizdə talassemiya xəstələrinin ən böyük mərkəzi fəaliyyət göstərir, daşıyıcıların sayı isə milyona çatıb – bu heç də kiçik rəqəm deyil.
Təəssüf ki, bəzi ailələrdə ya onu saxlamaq istəməyən, ya da saxlamağa gücü çatmayan valideynlər öz azyaşlı qızını tez ərə vermək istəyir. Bu zaman isə qız başqa bir təhlükə ilə qarşılaşır – belə ailələrin ağır maddi vəziyyətindən xaricilər, əsasən də İran və Türkiyə vətəndaşları istifadə edir. Azyaşlı ilə ailə quran “ər” onu vətəninə apararaq qul kimi fahişəxanaya satır, geri qayıtmağa isə artıq heç bir imkanı olmayan qız qula çevrilir. 
Demək lazımdır ki, belə hallar adətən kəndlərdə olur. Təhsil almış şəhər gəncləri öz xarici həmyaşıdları ilə eyni nəticələrə gəlirlər – öncə təhsil almaq, iş tapmaq sonra isə ailə qurmaq. Qeyd edək ki, nəticələri nəzərə almayan insanlar dənizində bu gənclər sadəcə bir damladırlar. 
Bu məsələni çox gec olmadan qaldırmaq lazımdır. Maarifləndirmə, parlament komitələri, ayrı-ayrı deputatlar və ya ictimai təşkilatlar tərəfindən deyil, dövlət səviyyəsində aparılmalıdır. Əks halda biz bir neçə onillikdən sonra yenidən cindarların, falçıların və uşaqlıq sevinci əlindən alınmış bədbəxt qızlarla dolu bir cəmiyyətdə yaşamağa təhrik ediləcəyik.